“Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan Əsintilər” Bakı Rəsm Sərgisi

Cümə | 29 Sentyabr, 2023

Cari ilin oktyabr ayının 5-də Azərbaycan Milli İncəsənət  Muzeyində “Türkiyə- Azərbaycan Qardaşlığı: Anadoludan Əsintilər” adlı Bakı Rəsm Sərgisinin açılış mərasimi keçiriləcək.

Sənət və Sənətkarlar Birliyi Dərnəyinin (SAKÜDER) “Türkiyə Azərbaycan Qardaşlığı: Anadoludan Əsintilər” Bakı Rəsm Sərgisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Cümhuriyyətinin qurulumasının 100 illiyinə həsr olunub. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk hər zaman istər sənətə, istərsə də sənətkara xüsusi qayğı ilə yanaşıb, onların bu yolda irəliləməsinə təkan verib. SAKÜDER-in başlıca məqsədlərindən biri Atatürkün miras qoyduğu mədəniyyəti gələcək nəsillərə ötürmək, sənətkarları tanıtmaq və onların əsərlərini sənətsevərlərin diqqətinə çatdırmaqdır. SAKÜDER rəssamın fırçası, yazıçının qələmi, musiqinin səsi, qısaca  sənətkarın daxili ahənginin var olması üçün öz mövcudluğunu daim davam etdirəcək.

Sərgidə Türkiyənin İstanbul, Ankara, İzmir, Antalya şəhərlərindən və paytaxt Bakımızdan 19 rəssamın 40-dək əsərləri nümayiş etdirilməsi planlaşdırılır.

Vernisajda təqdim ediləcək dəyərli sənət inciləri arasında Anar Hüseynov, Asım Yücesoy, İnci Tekin, Bənövşə Ağayeva, Günəş Abbas, Mustafa Pişkin kimi önəmli sənətkarların əsərləri yer alacaqdır.

Həmçinin, tədbir çərçivəsində “SAKÜDER-2023” fəxri mükafatların təqdim edilməsi  də planlaşdırılır.

Tədbir saat 18:00-da muzey məkanında sənətçilərin, sənətsevərlərin və media nümayəndələrinin iştirakı ilə baş tutacaq. Sərgi 20 oktyabr 2023-cü il tarixinədək davam edəcək.

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.